05.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 04.04.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar "Şuşa - Azərbaycanın Tarix və Mədəniyyət incisidir" başlıqlı sual-cavab gecəsi keçirdi. Böyük kitabxanaçı Günel Əliyeva ilk öncə tədbiri açıq elan etdi. Xüsusi vurğuladı ki, II Qarabağ Vətən müharibəsi şəhidlərinin canı-qanı bahasına alınmış vətən oğullarının ruhunu böyük ehtiramla, bir dəqiqəlik sükula yad edək. Sonra Şuşanın tarixi haqqında qısa məlumat verdi. Bildirdi ki, Şuşa Qarabağın gözəlliklərini özündə əks etdirən gözəl bir diyardır. Hər daşı, hər qarış torpağı xalqımızın həyatında baş vermiş bir çox tarixi hadisələrin şahidi olan bu şəhər görənləri valeh edibdir. Şuşa təkcə cənnət məkan deyil, həm də hərbi strateji əhəmiyyət kəsb edən bir alınmazlıq qalası olmuşdur. Haqq işi naminə aparılan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-i işğaldan azad etdi. Həmin gün Azərbaycan tarixinə "Zəfər" günü kimi həkk olundu.
Tədbirdə kitabxanaçı tərəfindən hazırlanmış suallar oxuculara təqdim olundu. Şuşa haqqında nə bilirsiniz?, XX əsrdə Şuşa şəhəri neçə dəfə işğal olunub?, Şuşanın memarlıq abidələrindən hansılarını tanıyırsız və onlardan dünya əhəmiyyətli olanı hansıdır?, İşğal nəticəsində nə qədər mədəniyyət və təhsil ocaqlarımız dağıdılmış və viran edilmişdir?, Şuşa dünya musiqi mədəniyyəti xəzinəsinə kimləri bəxş etmişdir?, Şuşanın indiki yenidənqurma işləri haqqında nə bilirsiniz? və s. suallar iştirakçılara təqdim olundu. Təqdim olunmuş sualları tələbələr dolğun şəkildə cavablandırdılar. Tədbirdə kitabxananın fəal oxucuları ilə yanaşı Gəncə Dövlət Universitetinin Nəzdində Regional Kollecin 3-cü kurs tələbələri iştirak etdi. Tədbirin sonunda iştirakçılar kitabxanada təşkil olunmuş "Zəfərimizin təntənəsi Şuşa" başlıqlı sərgi ilə tanış oldular.
Məqsədimiz Şuşa şəhərinin tarixini müsair gənclərə dolğun şəkildə təbliğ etməkdir.